Tuesday, August 29, 2017

Mamırlı şəlalə və Ləkit kəndi


Mamırlı şəlalə və yaxud Yaşıl şəlalə.Gözəl bir yerdir.Şəlalə yerləşir Qax rayonunun Ləkit kəndində və kənd şəhər mərkəzindən təxminən 10 km-lik məsafədədir .Şəlaləyə getmək üçün isə kəndin mərkəzindən biraz yol qət eləməlisən.

Gecəni Qax şəhərində gecələmişdim.Planım belə idi ki,səhər vaxtlı durub avtovağzaldan kəndə gedən mikroavtobuslarla gedərəm.Amma alınmadı,çünki biraz çox yatmışam 😊 Səhv etmirəmsə 50 qəpikdir yolpulu.Qaça-qaça gəldim çata bilmədim.Dedilər ki, yeddi dəqiqə əvvəl çıxıb.Növbəti avtobusda saat 5-gedəcək.Dedim "Əşşii olan olub" avtostopla gedərəm.Kəndin istiqamətin öyrəndim və çıxdım yola.Sağolsunlar yeni yol çəkmişdilər.Qızmar günəş mənə yoldaşlıq edirdi.Hardasa 500 metr yürüdükdən sonra bir maşın saxladı.Kənd sakini idi cavan oğlan.Biraz söhbət elədik sonra mahnının səsin artırıb yola davam elədik."Ləkitin kruqu" deyilən bir yerdə məni düşürtdü.Yolu öyrənib davam elədim.

 Yolun yarısına çatanda gördümki yorulmuşam.Oturdum kənd camaatının taxtadan düzəltdiyi bir "skameykada".Və bu müddətdə bakı seriyalı maşınlar gəlib keçirdi qarşımdan.Hamısı şəlaləyə gedirdilər.Yolu soruşan kim,yolda ilişib qalan kim,maşını xarab olan kim.
Elə bu əsnada gördüm uzaqdan "Niva" gəlir.Kənd adamına oxşuyurdu. -Dayı şəlaləyə gedirsən?. -Hə bala ora gedirəm. -Məndə ora gedirəm . -Onda otur getdik.Dayı çox əsəbləşmişdi.Deyir bunlar maşın sürə bilmir(-Ona bax hələ maşını yolun ortasında saxlayıb gedib.Sənin ............) Buraların eşitməsəz yaxşıydı.
 Şəlalənin yoluna çatandan sonra dərənin dibinə enirsiz biraz düzənliyə çıxdıqdan sonra yenə üzü yuxarı qalxacaqsınız.Amma buralara maşın gəlmir daha.Ensiz cığırlardı.Təxminən 500-600 metr şəlaləyə qalmış maşını park edib piyada yürüməlisiniz.Yol boyu çayçılar,kababçılar görəcəksiniz.Buralarda oturub istirahət edə bilərsiniz.Somavar çayından içib təbiətin gözəlliyindən həzz ala bilərsiniz.Siz oturun,biz davam edirik...

Çayın üzərində qurulmuş kiçik körpüdən keçdikdən sonra Şəlaləyə yaxınlaşırsınız.Kürəyimdə ağır çanta olduğundan qalxmaq mənə çətin gəlirdi.Kababın iyi də bir tərəfdən adamı gicəlləndirir.Gəldim çıxdım şəlaləyə.Nə görsəm yaxşıdı? Təbiətin yaratdığı gözəllik.Yamyaşıl,mamırlı qaya parçalarının üzərindən şırhaşırla üzüaşağı tökülən dağ suyu.Günəş şüaları sıx ağacların arasından keçməyə çalışarkən,çay satan qadın şəlaləyə qədər gəlib çay içməmiş qayıdan insanları qəddar baxışları ilə süzürdü.Hələ su borusundan fışqırdan suyu demirəm.Yaxınlığdan keçən bir oğlan dediki bax o partlamış boru sovetin borusudu.Hələ indi indi sıradan çıxır.Ətrafa göz gəzdirirdimki birdən bir nəfər çağırdı-"Şəklimizi çəkərsən?"

 Şəlalə Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarı ilə Qax təbiət abidəsi kimi qeyiyyata alınıb.Hündürlüyü elədə çox deyil amma özünə məxsusluğu var.Doğrusu şəlalənin suyu biraz azalmışdı.Ona görə ki,yay fəsli bu ərazilərdə quraq keçib,yağış az yağıb.Ümid edirəm siz gedənə gurlaşar.Amma mən bu vəziyyətindən belə həzz aldım.Orada boş skameyka tapdım və çantamı çıxarıb biraz istirahət elədim.Özü üçün əsən meh,şəlalənin şırıltısı,yaşıllıq.Əslində mənə ən çox təsir edən gələn insanların buraları çirkləndirmələri oldu.Yeyib içəndə yaxşıdı amma məsələ təmizliyə gələndə heçnəyə fikir vermirlər.Olmaz belə yoldaşlar.Əgər gələn dəfədə gələndə buranı əvvəlki kimi görmək istiyiriksə onda təmizliyə riayyət etməliyik.

 Şəlalənin yanıyla üzü yuxarı bir cığır qalxır.Çox adam bilmir buranı.Yuxarıda daşdan hazırlanmış kiçik bir hovuz var.Deyirlər SSRİ vaxtında burdan müalicəvi vanna kimi istifadə edirmişlər.Bir-iki şəkil çəkdirdikdən sonra gəldiyim yollada geri qayıtdım.Qayıtdım düz yolun başına,hansı ki maşınlar burada park edirdilər.İki uşaq dayanmışdı maşınların yanında(12 və 15 yaş).Biraz söhbət elədik.Dedilər ki, bu evin sahibi buranı bizə tapşırıb,deyib ki,buranı parking kimi istifadə edə bilərsiniz.Uşaqlarda fürsət bilib.Yığılan pulu yarıya bölürlər gün sonunda.Kənddə başqa görməli yerlərin haralar olduğunu xəbər aldım.Dedilər ki,kəndin yuxarısında qədimi aidələr var.Baxdım ki,tapa bilməyəcəm.Sağolsun mənə bələdçilik elədi.

 Adı Vüqar idi.12 yaşı var.Həmyaşıdlarına nisbətən boyu balaca qalıb.Deyir ki, "Bilmirəm boyum balacadı yoxsa normaldı,gah belə deyirlər gah da elə".Uşaq deyirəme sizə.Od parçası.Qırğı kimidi Maşallah.Kəndin dik yolların necə qalxırdısa utanırdım doğrusu.Çatacağımız yerə qədər üç-dörd dəfə yolda dayandıq ki,istirahət edim.Deyir "Mən hər gün səkkiz kiloluq şabalıd kisələrini o dağın başından evə daşıyıram".Suyum qutarmışdı,iki dəqiqənin içərisində getdi mənə su doldurdu gətirdi.Deyirəm o dəqiqə bilinir kənddə böyüyən uşaqla şəhərdə böyüyən uşağın fərqi.Yolda mənə məktəbdəki fəalliyyətlərindən danışırdı.Maşınlardan yaxşı başı çıxır-"Nə varki avtomat karobka sürməyə əsas odu mexanika sürəsən".Hətta işlə əlaqədar mənə Qaz 66 maşını lazım idi 2-3 dənə.Onuda təşkil elədi.Gəldik çatdıq tarixi abidələrə,hansı ki,VI-VII əsrə aid kilsələrdir(Monastr,İki Kilsə).Vüqardan xahiş elədimki şəklimi çəksin.Amma heyif Vüqarla çəkdirmək yadımnan çıxdı.Olsun,onsuz yenə gedəcəm...

Oxşar Yazılar

Mamırlı şəlalə və Ləkit kəndi
4/ 5
Oleh

Abone Olun

E-mail adresinizi daxil edin və yazılardan həmən dəqiqə xəbər tutun.